Qırışıqlıq
Qırışıqlıq — yer qabığının bu və ya digər sahəsində olan qırışıqların məcmusuna deyilir. Qırışıqlığın üç morfoloji tipini ayırırlar: 1. geosinklinal, 2. platforma və 3. aralıq və ya keçid qırışıqlıq tipi. Yerin inkişaf tarixində qırışıqlıq sistemlərinin əmələ gəlmə dövrlərinə əsasən arxey, proterozoy, kaledon, hersin və alp qırışıqlıqları ayırırlar. Bəzi alimlər baykal, sakit okean və qırışıqlıqlar da ayrılmasını təklif edirlər.
Bünövrə qırışıqları qədim qırışıq bünövrədə təkrar deformasiya nəticəsində əmələ gəlmiş qırışıqlardır. Bu zaman bünövrə üzərində yatan çökmə süxurlarda örtük qırışıqları inkişaf edir. Bünövrə qırışıqları adətən kəskin bucaq uyğunsuzluğu ilə müxtəlif mənşəli daha gec, o cümlədən platforma struktur-formasion kompleksləri ilə örtülür və ya bilavasitə yer səthinə çıxır.